“Sabah”ın baş məşqçisi Vasili Berezutski vaxtilə formasını geyindiyi Rusiyanın ÇSKA (Moskva) komandasına mümkün qayıdışından danışıb.
Arena.az xəbər verir ki, 43 yaşlı mütəxəssis bu barədə Rusiyanın “Sovetski sport” nəşrinə açıqlama verib.
O, keçmiş komandasına məşqçi kimi qayıtmaq variantına belə münasibət bildirib:
“Sabah”da hər şey qaydasındadır. Mövsümün sonuna qədər çempionatın bir turu və kubokun finalı qalıb. ÇSKA-nı çalışdırmağa gəlincə, mən gələcəyi görməyi bacarmıram. Bu dünyada hər şey mümkündür. ÇSKA-nın baş məşqçisi Marko Nikoliç məni kluba işləməyə çağırmayıb”.
Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasının 35 turundan sonra turnir cədvəlində 5-ci olan “Sabah” Azərbaycan kubokunun mayın 31-də keçiriləcək final matçında “Qarabağ”la qarşılaşacaq.
Vasili Berezutski 2024-cü ilin noyabrından “Sabah”a rəhbərlik edir. 43 yaşlı mütəxəssisin paytaxt klubu ilə 2027-ci ilin 30 iyununa kimi müqaviləsi mövcuddur. Rusiyalı məşqçi “Sabah”ı indiyə qədər 26 oyuna çıxarıb. “Bayquşlar” bu görüşlərdə cəmi 8 qələbə qazanıblar, 13 heç-heçə və 5 məğlubiyyət görüblər.
Bu, Vasili Berezutskinin baş məşqçi kimi ilk fəaliyyətidir. Gənc mütəxəssis daha öncə Niderlandın “Vitess” (2018-2019), Rusiyanın ÇSKA (2020-2021, 2022), “Krasnodar” (2021-2022), həmçinin Çinin “Şanxay Şenxua” (2023-2024) klublarında köməkçi məşqçi kimi fəaliyyət göstərib. O, Moskvanın ÇSKA klubunda idman koordinatoru da olub (2020).
Berezutski futbolçu kimi Rusiyanın “Torpedo-ZİL” və ÇSKA (Moskva) klublarında çıxış edib. O, Rusiya millisinin əsas komandasında 101 oyun keçirib, 5 qola imza atıb.


