2021-ci ilin blits üzrə dünya çempionu Maksim Vaşye-Laqrav 2023 “Champions Chess Tour” turnirinin sonuncu mərhələsinin qalibi olub.
Arena.az məlumat verir ki, superfinal görüşündə fransız qrosmeyster şahmat üzrə 16-cı dünya çempionu, norveçli qrosmeyster Maqnus Karlseni gözlənilmədən məğlub edib.
Qələbə sayəsində Vaşye-Laqrav müsabiqənin böyük finalına (qrand-final) vəsiqəni təmin edib.
2023 “Champions Chess Tour” turnirinin cari mövsümünün final turniri dekabrda Kanadanın Toronto şəhərində keçiriləcək. Vaşye-Laqrav və Karlsendən başqa, turnirə Fabiano Karuana, Hikaru Nakamura, Nodirbek Abdusattorov, Əlireza Firuzca, Denis Lazavik və Uesli So vəsiqə qazanıblar.
Xatırladaq ki, 2023 “Champions Chess Tour” 2 milyon dollarlıq mükafat fondu uğrunda mübarizə aparan, dünyanın ən yaxşı şahmatçılarının iştirak etdiyi səkkiz onlayn şahmat turnirini özündə ehtiva edir.


