Bundesliqanın 3-cü turunun “Hoffenhaym” – “Bayer” oyununda (1:4) “əczaçılar”ın nigeriyalı hücumçusu Viktor Bonifase hoqqabazlıq edib.
Arena.az məlumat verir ki, nigeriyalı hücumçu oyunun 30-cu dəqiqəsində qol vurduqdan sonra tribunalar önünə yaxınlaşıb, şortunu aşağı çəkərək, əllərinin “şey-şüy”ünün qabağında cütləyib və özündənrazı halda azarkeşlərin alqış və təbriklərini qəbul edib.
Maraqlıdır ki, hakim, Bonifasenin bu “qanacağı” müqabilində nigeriyalı hücumçuya heç bir vərəqə göstərməyib.
3 oyundan 6 xal toplamış “Bayer” Bundesliqanın yarış cədvəlində 5-ci pillədə qərarlaşıb. “Hoffenhaym” isə 3 xalla 12-ci pillədə yer alıb. Bundesliqaya 9 xalla “Bayern” başçılıq edir.
Bonifase Nigeriyanın “Real Sapfir” klubunun yetirməsidir. Avropa karyerasına Norveçin “Bodo Qlimt” klubunda başlamış Viktor buradan Belçikanın “Yunion Sent-Jilluaz” klubuna keçib. 2023-cü ilin iyulunda isə “Bayer” 20,5 milyon avro müqabilində Bonifaseni öz heyətinə qatıb. Bonifasenin “əczaçılar”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Bonifase “Bayer”in heyətində bütün yarışlarda 4 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə verib. Onun Leverkuzen klubundakı karyerası bütövlükdə 38 oyun, 24 qol və 11 məhsuldar ötürmədən ibarətdir.
Vurğulayaq ki, Viktor “əczaçılar”ın əsas oyunçularından biridir. O, bu klubla Almaniya çempionu, Almaniya Kubokunun və Almaniya Super Kubokunun qalibi olub.
Viktor Bonifase 2023-cü ilin sentyabrında debüt etdiyi Nigeriya yığmasının heyətində 7 oyuna 1 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 23 yaşlı nigeriyalı mərkəz hücumçusunun transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.