Futbol üzrə Ukrayna yığmasının cinah hücumçusu Viktor Siqankov DÇ-2026-nın seçmə mərhələsindəki növbəti matçlarda iştirak etməyəcək.
Arena.az bu barədə Ukrayna Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir.
Buna səbəb 27 yaşlı vingerin zədəli olmasıdır. İspaniyanın “Jirona” klubunda çıxış edən futbolçu Azərbaycan və İslandiya ilə görüşlərdə yığmaya kömək edə bilməyəcək.
Qeyd edək ki, Ukrayna millisi D qrupunda oktyabrın 10-da Reykyavikdə İslandiya, 13-də isə Krakovda Azərbaycan millisi ilə üz-üzə gələcək.
Viktor Siqankov Kiyev “Dinamo”sunun yetirməsidir. O, 2016-cı ildən “Jirona”ya keçənə qədər paytaxt klubunun əsas komandasında forma geyinib. O, bu komandanın heyətində meydana çıxdığı 236 oyunda 94 qol vurub, 64 məhsuldar ötürmə müəllifi olub.
“Jirona” Siqankovu 2023-cü ilin yanvarında 5 milyon avro müqabilində heyətinə qatıb. Onun İspaniya millisi ilə 2027-ci ilin 30 iyununadək müqaviləsi var. Siqankov La Liqa təmsilçisinin heyətində 87 oyun keçirib, 13 qol vurub, 19 məhsuldar ötürmə müəllifi olub.
Siqankov 2016-cı ilin noyabrında ilk oyuna çıxdığı Ukrayna milli komandasında da 61 oyun keçirib, 13 qola imza atıb, 7 məhsuldar ötürmə müəllifi olub.


