“Leypsiq” macar mərkəz müdafiəçisi və kapitanı Villi Orban leykozdan əziyyət çəkən insan üçün kök hüceyrə donorluğuna görə mükafat alıb.
Arena.az bu barədə “Leypsiq”in mətbuat xidmətinə istinadən məlumat verir:
“Kapitanımız üçün böyük mükafat! Villi Orban kök hüceyrə donorluğuna görə Alman İdman Yazarları Assosiasiyası tərəfindən 2023 “Feyr Pley” mükafatının təqdimatı mərasimində “Xüsusi Mükafat”la mükafatlandırılıb.
Keçən il Villi Orban leykemiya xəstəsi üçün uyğun donor kimi müəyyən edildikdən sonra kök hüceyrə toplanmasından keçib. Onun köməyi ilə kapitanımız insana ikinci həyat imkanı verə bilib”, – klubun rəsmi bəyanatında deyilir.
Orban “Kayzerslautern”in yetirməsidir. O, “Leypsiq”ə 2015-ci ilin iyulunda 2 milyon avro müqabilində elə, “Kayzerslautern”dən keçib.
Cari mövsümdə Orban “Leypsiq”in heyətində bütün yarışlarda 10 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Orbanın “Leypsiq”in heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 298 oyun, 27 qol, 9 məhsuldar ötürmə.
Villi Orbanın qənimətlər muzeyində “Leypsiq”lə qazandığı Almaniya Kuboku (2021/2022, 2022/2023) və Almaniya Super Kuboku (2023/2024) var.
Villi 2018-ci ilin oktyabrında debüt etdiyi Macarıstan yığmasının heyətində 43 oyuna çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 31 yaşlı macar müdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.


