Vladimiro Falkone “Leççe”ni seçdi – 4 milyonluq transfer

Ötən mövsümü icarə əsasında “Leççe”də keçirmiş italiyalı qapıçı Vladimiro Falkone “Sampdoriya”dan birdəfəlik ayrılaraq bu kluba keçib.

Arena.az xəbər verir ki, “Leççe” bu barədə rəsmi saytı vasitəsilə məlumat yayıb.

Sözügedən klub “Sampdoriya”ya 4 milyon avro ödəməklə 28 yaşlı qolkiperin transfer hüquqlarını da alıb. Onunla 5 illik müqavilə imzalanıb.

Vladimiro Falkone ötən mövsüm “Leççe”də 39 oyuna 49 qol buraxıb, 6 “quru” matç keçirib. O, karyerası ərzində “Sampdoriya”dan başqa “Lukkeze”, “Kozentsa”, “Savona”, “Fallonika”, “Komo”, “Livorno”, “Bassano” kimi klubların da şərəfini qoruyub. Falkone İtaliyanın aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib.

“Leççe” “Peskara”nın hücumameyilli yarımmüdafiəçisi Hamza Rafyanı da transfer edib. A Seriyası təmsilçisi bu transfer üçün 600 min avro xərcə düşüb. 24 yaşlı tunisli futbolçu ilə 3+2 illik müqavilə imzalanıb.

Hamza Rafya “Peskara”ya bu ilin yanvarında “Yuventus”dan keçmişdi. O, bu komandada 18 oyuna 1 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub. Yarımmüdafiəçi daha öncə “Yuventus”, “Kremoneze”, “Standard” (Lyej) kimi klublarda da forma geyinib. O, Tunis milli komandasında da 19 oyun keçirib.

“Leççe”nin daha bir yeni transferi 19 yaşlı mərkəz müdafiəçisi Zinedin Smayloviçdir. İsveçdə dünyaya göz açmış bosniyalı futbolçu İsveçin “Tebyu” klubundan 85 min avroya alınıb. Onunla 3+2 illik müqavilə imzalanıb.

“Leççe”nin təcrübəli mərkəz müdafiəçisi Simone Romanyoli isə A Seriyasının digər təmsilçisi “Frozinone”yə keçib. Bu transfer 100 min avro qarşılığında gerçəkləşib. Təcrübəli futbolçu yeni klubu ilə 2 illik anlaşıb. O, bu ilin yanvarından formasını geyindiyi “Leççe”də cəmi 7 matça çıxıb. Romanyoli daha öncə “Karpi”, “Empoli”, “Peskara”, “Breşiya”, “Focca”, “Spetsiya”, “Bolonya”, “Parma” kimi klubların da formasını geyinib, İtaliyanın U-21 yığmasında oynayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: