Vout Veqhorst “Beşiktaş”ı “Mançester Yunayted”ə dəyişdi

Futbol üzrə Niderland milli komandasının hücumçusu Vout Veqhorst Türkiyənin “Beşiktaş” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 30 yaşlı forvard bundan sonra “Mançester Yunayted”in uğurları üçün çalışacaq. Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.

Müqavilə ilə İngiltərənin “Bernli” klubuna məxsus olan forvard icarə əsasında “Beşiktaş”da çıxış edirdi. İngiltərə klubları öz aralarında yeni icarə müqaviləsi barədə razılaşsalar da, yaya kimi Türkiyədə qalmalı olan hücumçu barədə istanbullular qərar verməli idi. Yekunda “Mançester Yunayted” “Beşiktaş”a təzminat ödəməyə razı olmaqla futbolçunu yenidən İngiltərəyə qaytarmağa nail olub. Belə ki, Türkiyə klubuna 2 milyon 825 min təzminat ödəniləcək.

Artıq İngiltərəyə yollanan futbolçu tibbi müayinədən keçib və müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulan icarə müqaviləsinə imza atıb. Futbolçunun məxsus olduğu “Bernli” ilə razılığa əsasən, Mançester təmsilçisi sonradan onun transfer hüquqlarına da yiyələnə bilər.

Xatırladaq ki, Vout Veqhorst “Beşiktaş”a 2022-ci ilin iyul ayında qoşulmuşdu. O, İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 18 oyunda 9 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.

Peşəkar karyerasına ölkəsində “Emmen” klubunda başlamış Veqhorst, sonralar “Herakles Almelo” və “Alkmaar”ın da formasını geyinib. Niderland yığmasının da üzvü olan hücumçunun ən parlaq dönəmi “Volfsburq”a təsadüf edib. O, Almaniya klubunda 2018-2022-ci illər aralığında 144 matça çıxıb və 70 qol vurub. 2022-ci ilin yanvar ayında isə o, 12 milyon funt-sterlinq qarşılığında “Bernli”yə transfer olunub. Amma niderlandlı hücumçu bu komandanın heyətində cəmi 20 oyuna çıxıb və 2 qola imza atıb.

Hücumçu Niderland yığmasında da 19 oyunda iştirak edib və 5 qolla yadda qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: