İngiltərənin “Vulverhempton” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Bernli”nin müdafiəçisi Natan Kollinzi transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçu ilə 5+1 illik müqavilə imzalanıb.
Bu transferin təxminən 24 milyon avroya başa gəldiyi bildirilir. İrlandiyalı oyunçunun “Bernli” ilə 2025-ci ilin yayına qədər davam edəcək müqaviləsi mövcud idi.
Natan Kollinz peşəkar karyerasına yetirməsi olduğu “Stok Siti” klubunda başlayıb. O, “Bernli”yə 2021-ci ilin iyun ayında transfer olunmuşdu. Mərkəz müdafiəçisi bu komandada keçirdiyi 22 oyunda 2 qola imza atıb. Gənc futbolçu İrlandiyanın əsas milli komandasında da 6 oyuna çıxıb, 1 qol vurub.
“Vulverhempton” qapıçısı Matiya Sarkiçlə də yeni müqavilə imzalandığını açıqlayıb. Monteneqro yığmasının da üzvü olan 24 yaşlı qolkiperlə 3 illik sözləşmə imzalanıb.
Matiya Sarkiç 2020-ci ildə bu kluba transfer olunub. Lakin “canavarlar”ın əsas komandasında debüt etmək şansı qazanmamış futbolçu son iki mövsümdə “Şrusberi Taun” və “Birmingem Siti” kimi klublarda icarədə oynayıb. Sarkiç “Vulverhempton”dan öncə “Aston Villa”, “Uiqan”, “Stratford Taun”, “Havant and Uoterluvill” və “Livinqston” kimi klublarda olub, amma onların bəzisində ümumiyyətlə heyətə düşə bilməyin, bəzisində də az oynayıb.
Matiya Sarkiç İngiltərədə dünyaya göz açsa da, 17 yaşından Monteneqronun müxtəlif yaş qrupları üzrə yığmalarında oynamağa başlayıb. O, 2019-cu ildən dəvət aldığı Monteneqronun əsas millisində də 5 oyun keçirib.



