Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Türkiyənin “Boluspor” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 23-cü turu çərçivəsində baş tutan “Tuzlaspor”la oyunun iştirakçısı olub.
“Boluspor” səfərdə baş tutan bu oyundan qələbə ilə ayrılıb – 2:1. Bu, Bolu təmsilçisinin cari mövsümdəki 10-cu qələbəsidir. Futbolçumuzun komandası digər oyunlarda 6 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.
İsgəndərli bu oyunun 81-ci dəqiqəsində, hesab 1:1 olarkən buraxılıb. Azərbaycanlı futbolçu 90+2-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Qeyd edək ki, “Tuzlaspor”da da digər azərbaycanlı futbolçu Bəxtiyar Həsənalızadə çıxış edir. Amma son oyunlarda iştirak etməyən müdafiəçi Vüsalın komandasına qarşı da oynamayıb. Onun adı bu dəfəki matçın iştirak ərizəsində də yer almayıb.
Xatırladaq ki, Vüsal İsgəndərli “Boluspor”a bu ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 6 matça çıxıb.
Bəxtiyar Həsənalızadə isə “Tuzlaspor”la 2023-cü ilin avqust ayında 2 illik müqavilə bağlayıb. 30 yaşlı futbolçu Türkiyə təmsilçisində 13 oyuna çıxıb və 1 qol vurub.
23 turdan sonra “Boluspor” 36 xalla 18 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb. “Tuzlaspor” isə 22 xalla 16-cıdır.


