Vüsal Qələndərzadə dünya çempionu oldu, 5 illik həsrət bitdi!

Azərbaycan cüdoçusu Vüsal Qələndərzadə Portuqaliyanın Odivelas şəhərində keçirilən gənclərin dünya çempionatında qızıl medal qazanıb.

Arena.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda ABŞ təmsilçisi Cek Yonezuka ilə üz-üzə gəlib.

Final qarşılaşmasında Vüsal müstəsna bacarıq və əzmkarlıq nümayiş etdirib. Qələndərzadə əlavə vaxtda “seoi-otoşi” fəndi ilə rəqibi üzərində parlaq qələbə qazanaraq dünya çempionu titulunu əldə edib.

Bu qələbə ölkəmiz üçün son 5 ildə gənclər arasında keçirilən dünya çempionatında qazanılan ilk qızıl medal olaraq tarixə düşüb. Sonuncu dəfə 2018-ci ildəki dünya çempionatında Rövşən Əliyev belə bir uğura imza atmışdı.

Bu gün tatamiyə çıxan Süleyman Əliyev (73) və Fidan Əlizadə (57 kq) əvvəlki raundlarda uduzublar.

Xatırladaq ki, daha öncə Azərbaycanın digər cüdoçusu Nizami İmranov gənclər arasındakı dünya çempionatında gümüş medal qazanmışdı. 60 kq çəki dərəcəsində çıxış edən idmançımız ötən gün finalda Yaponiya təmsilçisi Yamato Fukudaya uduzaraq ikinci yerlə kifayətlənmişdi. İlk gündə mübarizəyə qoşulan Aydın Rzayev (66 kq), Könül Əliyeva (48 kq), Aydan Vəliyeva və Xədicə Qədəşova (hər ikisi 52 kq) yarışı medalsız başa vurmuşdular.

Odivelasdakı dünya çempionatı oktyabrın 8-də başa çatacaq. Ayın 7-nə qədər dünya çempionatının fərdi yarışları, 8 oktyabrda isə komanda yarışları keçiriləcək.

Azərbaycan mundialda 11 çəki dərəsində 8 oğlan və 7 qız cüdoçu ilə təmsil olunur. Dünya çempionatında cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, məşqçi Elxan Rəcəbli, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və gənc qızlardan ibarət yığmanın məşqçisi Vüqar Hüseynov rəhbərlik edirlər. Yarışda ACF-nin A kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alır.

Xəbəri sosial şəbəkələrdə paylaş: