Kolumbiya yığmasının hücumameyilli yarımmüdafiəçisi Xames Rodriqes bundan sonra Braziliyanın “San Paulo” klubunda forma geyinəcək.
Arena.az xəbər verir ki, bu barədə informasiyanı sözügedən klub rəsmi saytı vasitəsilə yayıb.
Azad agent statusuna malik 32 yaşlı futbolçu yeni klubu ilə 2 illik (2025-ci ilin 30 iyununa kimi) müqaviləyə imza atıb.
Xatırladaq ki, Xames 2022-ci ilin sentyabr ayında Qətərin “Əl Rayyan” klubundan azad agent kimi ayrılaraq Yunanıstan “Olimpiakos”una keçmişdi. Həmin vaxt tərəflər bir illik müqaviləyə imza atmışdılar. Amma bu ilin aprelində tərəflər qarşılıqlı razılıq əsasında həmin müqaviləyə xitam vermişdilər. Təcrübəli oyunçu bu komandada bütövlükdə 23 oyuna çıxıb, 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Xames Rodriqes peşəkar karyerasına Kolumbiyanın “Enviqado” klubunda başlayıb. Daha sonra o, Argentinanın “Banfild” klubuna transfer edilib. 2010-cu ildə Avropaya üz tutan yarımmüdafiəçi, əvvəlcə “Portu”da, daha sonra “Monako”da forma geyinib. 2014-cü ildə isə onu Madrid “Real”ı öz heyətinə qatıb. İspaniya nəhəngində oynadığı dönəmdə 2 il Almaniyanın “Bayern” klubuna icarəyə də verilmiş Xames, 2020/21 mövsümünü də “Everton”da keçirib. “Əl Rayyan” onu məhz İngiltərə klubundan 8 milyon avro qarşılığında transfer etmişdi. O, Kolumbiya yğmasında 90 oyuna çıxıb və 26 qola imza atıb.


