Xavi “Barselona” ilə belə vidalaşdı: “Qürur duyuram”

“Barselona”nın baş məşqçisi Xavi cari mövsümün sonunda “blauqrana”dan istefaya göndəriləcəyi elan edildikdən sonra vida məktubu yazıb.

Arena.az ispan mütəxəssisin, özünün sosial şəbəkə hesabı üzərindən ünvanladığı məktubun mətnini təqdim edir:

“Əziz dostlar, bazar günü mənim “Barsa”nın məşqçisi kimi dönəmim sona çatacaq. Həyatınızın klubunu tərk etmək heç vaxt asan deyil, amma mənim üçün ikinci ailə kimi olan paltardəyişmə otağına iki il yarım rəhbərlik etdiyim üçün çox qürur duyuram.

Həmişə yanımda olan və mənə futbolçu olduğum zamankı sevgini göstərmiş azarkeşlərə dəstək və sevgilərinə görə təşəkkür etmək istəyirəm. Bazar günündən, ya indi “Olimpiya Stadionu”nda, ya da bir neçə aydan sonra “Kamp Nou”da, tribunalarda kulesdən (kules – “Barselona” azarkeşləri) biri olacağam. Çünki mən futbolçu və ya məşqçi olmamışdan əvvəl “Barselona” azarkeşi idim və kluba öz həyatında ancaq ən yaxşısını arzulayıram və həmişə onların ixtiyarında olacağam.
Böyük bir oyunçu dəstəsi və heyrətamiz heyətlə çalışdım. Hamısının sayəsində ötən il çempionluq və super kubokla yekunlaşmış məqsədlərimizə çatırıq. Bu mövsüm işlər istədiyimiz kimi getmədi, amma biz onun öz axarı ilə getməsinə imkan verdik və bütün “Barselona” azarkeşləri üçün ilham mənbəyi olan gənc “La Masiya” oyunçularının yeni nəslini yetişdirməyə kömək etdik.

Hamınız çox sağ olun. Azarkeşlərə, oyunçulara, heyətə, klub işçilərinə, prezidentə, idarə heyətinə, idman direktorlarına, mətbuata və bu iki mövsüm yarımlıq səyahəti bölüşdüyüm hər kəsə təşəkkür edirəm.

Mən ürəyimdə olan kluba ən yaxşısını diləyirəm” – Xavi məktubunu duyğusalcasına bitirib.

Gözlənilməz və ədalətsiz qərar

Xatırladaq ki, mayın 24-də günortadan sonra “Barselona”nın prezidenti Joan Laporta Xavi Ernandesə 2024/2025-ci illər mövsümündə “blauqrana”nın baş məşqçisi kimi davam etməyəcəyini bildirib. Mətbuatda bu xəbər gözlənilməzlik, bəzi mənbələrdə isə ispan mütəxəssisə münasibətdə ədalətsizlik kimi qiymətləndirilib.

Xavi Ernandes “Barselona”nın sükanı arxasına 2021-ci ilin noyabrında keçib. 44 yaşlı mütəxəssisin Kataloniya nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.

“Barselona” Xavinin məşqçilik karyerasında ilk nəhəng komandadır. Buna qədər ispan mütəxəssis Qətərin “Əl-Sədd” komandasını çalışdırıb və komandasına Qətərin yerli əhəmiyyətli bütün qənimətlərini qazandırmağı bacarıb.

“Barselona” Xavinin rəhbərliyi altında ümumilikdə 141 oyun keçirib. “Blauqrana” bu oyunlarda 89 qələbə qazanıb, 23 heç-heçə edib və 29 məğlubiyyətə üzülüb. “Blauqrana”nın top fərqi isə 277:157 nisbətindədir.

2022/2023 mövsümündə mütəxəssis “Barselona”ya İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazandırıb. Futbol ölçüləri ilə gənc sayıla biləcək mütəxəssisin 24 ili məhz “Barselona”da keçib. Xavi futbolçu kimi 17 il Kataloniya klubunun əsas komandasında çıxış edib.

Hazırda Xavinin “Barselona”sı İspaniya La Liqasının 37 turundan sonra 82 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Blauqrana” mövsümü elə, gümüş medallarla başa vuracaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: