“Barselona”nın baş məşqçisi Xavi İspaniya çempionatının 11-ci turu çərçivəsində baş tutacaq “el klasiko” haqda gözləntilərini paylaşıb.
Arena.az AS dərgisinə istinadən Xavinin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Belə oyunda demək olar ki, heç vaxt favorit olmur. Heç vaxt heç nəyi təxmin edə bilməzsən. İmkanlar 50-yə 50-dir”, deyə Xavi bildirib.
“Barselona” – “Real” oyunu bu gün – oktyabrın 28-də keçiriləcək. “Barsa”nın doğma stadionu “Kamp Nou” yenidənqurmaya bağlandığından, kataloniyalılar “el klasiko”nu “Olimpik Lyuis Kompanis” stadionunda qəbul edəcəklər. Oyuna Bakı vaxtı ilə saat 18:15-də start veriləcək.
Geridə qalmış 2022/2023 mövsümünün İspaniya çempionatı çərçivəsində kataloniyalılar və madridlilər “el klasiko”da hərəyə 1 qələbə qazanıblar: 9-cu turda Karlo Ançelottinin yetirmələri 3:1 hesabı ilə qalib gəliblər, 26-cı turda isə Xavinin “Barselona”sı “qaymaqlılar”ı 2:1 hesabı ilə məğlub edib.
Qarşıdakı “el klasiko” həm də turun mərkəzi görüşü kimi əlamətdar olacaq. Belə ki, “Real” 10 turdan sonra 25 xal toplayıb və ikinci pillədə qərarlaşıb. “Barselona” isə 24 xalla 3-cü pillədə qərarlaşıb. İspaniya futbolunun iki nəhəngini hazırda “Jirona” qabaqlayır. Bu turun açılış matçında qələbə qazanmaqla xalını 28-ə çıxaran “Jirona” mövsümün ən sürpriz komandasına çevrilməkdədir.


