Kataloniya təmsilçisi “Barselona”nın baş məşqçisi, ispan mütəxəssis Xavi La Liqa nəhəngindəki gələcəyi haqda açıqlama verib.
Arena.az bu barədə “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir:
Xavi vurğulayıb ki, “blauqrana” rəhbərliyinin qarşıya qoyduğu məqsədlərə nail ola bilməsə, klubu tərk edəcək:
“Mən bura gələndə bizdən dördüncü yeri tutmağı tələb etdilər, biz isə ikinci olduq. Keçən il hədəf liqanı qazanmaq idi. Bu il – vacib qənimətlər, Kuboku, çempionatı və ya Çempionlar Liqasını qazanmaq. Məqsədlərə çatmasam, gedəcəyəm. Biz uğura uğursuzluqdan qat-qat yaxınıq”.
Hazırda, İspaniya La Liqasının 19 turundan sonra “Barselona” 41 xalla 4-cü pillədə qərarlaşıb. Kataloniyalılar həm Çempionlar Liqasında və həm də İspaniya Kral Kubokunda mübarizəni davam etdirirlər.
Xavi “Barselona”nı 2021-ci ilin noyabrından çalışdırır. Mütəxəssisin Kataloniya nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Barselona” Xavinin məşqçilik karyerasında ilk nəhəng komandadır. Buna qədər ispan mütəxəssis Qətərin “Əl-Sədd” komandasını çalışdırıb və komandaya Qətərin yerli əhəmiyyətli bütün qənimətlərini qazandırmağı bacarıb.
Geridə qalmış 2022/2023 mövsümündə mütəxəssis “Barselona”ya İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazandırıb. Futbol ölçüləri ilə gənc sayıla biləcək məşqçinin 24 ili “Barselona”da keçib. Xavi futbolçu kimi 17 il “Barselona”nın əsas komandasında çıxış edib.


