Kataloniya nəhəngi “Barselona”nın baş məşqçisi Xavi cari mövsümün sonunda “blauqrana”dan ayrılacağını bəyan edib.
Arena.az bu barədə “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir:
“İyunun 30-da klubdan ayrılacağam. Bu, klub prezidenti ilə, idarə heyəti ilə müzakirə etdiyimiz qərardır… “Barselona”nın istiqamət dəyişikliyinə ehtiyacı var.
Mən bunu prezidentə izah etdim. Görüşdük, yaxşıca söhbət etdik. Onların mənə olan inamı bu günə qədər bütöv idi, amma ayrılmağın vaxtı gəlib. Bu, iqtisadi vəziyyətlə bağlı deyil. Bu, ürəyimlə verdiyim qərardır və hesab edirəm ki, bu, klub üçün ən yaxşı nəticədir. Mən fəsad olmaq istəmirəm. Çox zəif oyun keçirdik və bu nəticələrə layiq olmayan oyunçular üçün istiqamət dəyişməsinin zamanıdır.
Geri qayıdıb hesabda önə çıxmağı bacardığımız oyunda uduzduğumuzu görmək çox acı idi. Karyeramda belə amansız oyun xatırlamıram. Klubun xeyrinə istiqamət dəyişikliyinə ehtiyacımız var. Əminəm ki, bu, “Barsa” ətrafında vəziyyətin yaxşılaşmasına gətirib çıxaracaq”, deyə Xavi oyunsonrası mətbuat konfransında bildirib.
Xatırladaq ki, “Barselona” La Liqanın 22-ci turu çərçivəsində “Vilyarreal”ı qəbul edib və dramatik oyunda 3:5 hesabı ilə məğlub olub. Oyunun gedişində “blauqrana” 0:2 hesabı ilə geri olsa da, 3:2 hesablı üstünlüyü yaxalaya bilib. Sonra isə qonaqlar hesabı bərabərləşdirə biliblər. Oyuna əlavə edilmiş təzminat dəqiqələrində isə (90+9-cu və 90+12-ci dəqiqələrdə) “Vilyarreal” 2 qol vuraraq, səfər qələbəsini təmin edib.
Hazırda “Barselona” 21 oyundan 44 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Vilyarreal” 22 oyundan 23 xalla 14-cü pillədə yer alıb. La Liqaya 21 oyundan 54 xal toplamış “Real” başçılıq edir.
Əlavə edək ki, Xavinin gələn həftə Kataloniya klubunun futbolçuları ilə görüşərək qərarını ətraflı izah edəcəyi bildirilir.
Hazırda Xavi klubdan getmək qərarını yalnız “Barselona”nın prezidenti Joan Laporta ilə ətraflı müzakirə edib. “Barselona”nın bir çox futbolçusunun Xavinin komandadan ayrılmaq niyyətindən “Vilyarreal”la oyundan (3:5) sonra evə qayıdarkən yolda xəbər tutduğu vurğulanır.


