Xavi “Selta” ilə oyunu bəyənməyib: “Bu, bizim yolumuz deyil”

“Barselona”nın baş məşqçisi Xavi İspaniya La Liqasının 6-cı turunda komandasının “Selta” üzərində qazandığı qələbəni (3:2) şərh edib:

Arena.az “Marca”ya istinadən Xavinin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Bu qələbənin yaxşı tamı var, amma “Betis” və “Antverpen”lə oyunlardakı qədər deyil. Bu, bizim yolumuz deyil. “Selta” yaxşı oyun keçirdi, onlar aqressiv idilər… Rafael Benites daha çox şeyə layiq olduğunu düşünəcək və tamamilə məntiqlidir. Amma bizə bu üç xal lazımdır. İndi biz liderik, amma bizə hələ də vəziyyəti yaxşılaşdırmaq gərəkdir”, deyə Xavi bildirib.

Xatırladaq ki, sentyabrın 23-də La Liqanın 6-cı turu çərçivəsində “Selta”nı qəbul etmiş “Barselona” oyunun gedişində 0:2 hesabı ilə məğlub ikən, oyunun son doqquz dəqiqəsi ərzində dönüş edərək 3:2 hesablı qələbə qazanıb.

Hazırda “Barselona” 6 turdan sonra 5 qələbə və 1 heç-heç sayəsində 16 xalla turnir cədvəlinin lideridir. Kataloniyalıların top fərqi 16:6 nisbətindədir.

“Selta” isə 4 xalla 17-ci yerdə qərarlaşıb. La Liqanın ponetsial lideri “Real”ın isə 15 xalı var. Madridlilər 6-cı tur oyununu bu gün “Atletiko”ya qarşı keçirəcəklər.

Vurğulayaq ki, bu qələbə kataloniyalıların ardıcıl 6-cı qələbəsidir, buna qədər “Barselona” son ay ərzində “Selta” ilə oyun (3:2) da daxil olmaqla, La Liqada “Kadis” (2:0), “Vilyarreal” (4:3), “Osasuna” (2:1), “Betis” (5:0) və Çempionlar Liqasında “Antverpen” (5:0) üzərində qələbə qazanıb. Topların fərqi də diqqət çəkir – 21:6.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: