“Barselona”nın baş məşqçisi Xavi komandasının La Liqanın 14-cü turunda “Rayo Valyekano” ilə səfər heç-heçəsinə (1:1) şərh verib.
Arena.az “Marca” nəşrinə istinadən Xavinin bu barədə fikirlərini diqqətinizə çatdırır:
“Oyun iki hissədən ibarət idi. Birincidə, biz üstünlüyə sahib olsaq da, fəallıq yox idi. İkincidə, qol imkanları yaratdıq, qol vurduq və daha çox qol vura bilərdik. İkinci hissədəki kimi oyunla razıyam.
Çempion olmaq istəyiriksə, belə oyunlarda qalib gəlməliyik. Əgər kuboklar qazanmaq istəyiriksə, zehniyyətimizi dəyişməliyik. Məhz bu stadionlarda çempionluqlar qazanılır. Biz oyanmalı və oyunun bir çox məqamlarında təkmilləşməliyik. İkinci hissədə qələbə istəyi hiss edilirdisə, ilk hissədə bu, arabir görünürdü.
Tez-tez qollar buraxmağımız və rəqiblərimizə hədiyyələr verməyimiz bizə baha başa gəlir. Bir çox oyunlarda geri dönüş etməyə məcburuq. Biz təcili olaraq təkmilləşməliyik”, deyə Xavi vurğulayıb.
Hazırda “Barselona” 14 oyundan 31 xalla La Liqanın turnir cədvəlində 4-cü, “Rayo Valyekono” isə 19 xalla 9-cu pillədə qərarlaşıb.


