Türkiyənin “Ankaragücü” klubunun İspaniyadan olan hücumçusu Xese Rodriqes Super Liqa təmsilçisindən ayrılıb. Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı forvardla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Onun Türkiyə klubu ilə müqaviləsinin müddəti yayda bitəcəkdi.
Xatırladaq ki, Xese Rodriqes 2022-ci ilin iyul ayında transfer olunduğu “Ankaragücü” ilə 1+1 illik müqaviləyə imza atmışdı. O, Ankara təmsilçisində bu mövsüm ölkə çempionatı və kubokunda ümumilikdə 16 matçda meydana çıxıb, 5 qola imza atıb.
Xese Madrid “Real”ının yetirməsidir. O, 2011-ci ildə cəlb olunduğu bu klubun əsas komandasında 5 il forma geyinib. 2016-cı ildə isə paytaxt klubu yetirməsini 25 milyon avroya PSJ-yə satıb. Amma Xesenin PSJ karyerası uğursuz alınıb. O, Paris təmsilçisində cəmi 18 oyuna çıxıb və 2 qola imza atıb. Bu üzdən də forvard daha çox digər klublara icarəyə verilib. İspan forvard “Las Palmas”, “Stok Siti”, “Betis” və “Sportinq”də icarədə oynayıb. 2021-ci ilin fevralında isə “Las Palmas” onu birdəfəlik heyətinə qatmışdı. Amma təcrübəli forvard 2022-ci ilin yayında İspaniya klubundan ayrılmağa qərar vermişdi.
Sonda onu da xatırladaq ki, son dövrlərdə Xesenin karyerasını Azərbaycanda davam etdirəcəyi barədə xəbərlər yayılmaqdadır. İspaniya mətbuatı onun “Sabah”la danışıqlar apardığını yazır. Onun Premyer Liqamıza gəlib-gəlməyəcəyini isə böyük ehtimalla ən yaxın zamanda görəcəyik.
Yeri gəlmişkən, “Ankaragücü” digər oyunçularından Şahverdi Çətin, Nurullah Aslan, Alperen Babacan, Abdullah Durak, Oğuz Ceylan, Sinan Osmanoğlu ilə də yollarını ayırıb. Onlarla da müqavilələrə qarşılıqlı razılıq əsasında xitam verilib.


