Xose Mariya Ximenes “Atletiko” ilə “nikah” təzələdi

Futbol üzrə Uruqvay millisinin və “Atletiko”nun mərkəz müdafiəçisi Xose Mariya Ximenes Madrid klubu ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

28 yaşlı futbolçu ilə yeni sözləşmə 2028-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti 2025-ci ilin yayında bitəcəkdi.

Xatırladaq ki, Xose Mariya Ximenes Uruqvayın “Danubio” klubunun yetirməsidir. Müdafiəçi 2013-cü ildə 995 min avro qarşılığında “Atletiko”ya gəlib. O, indiyə qədər İspaniya klubunun heyətində 290 oyuna çıxıb. Müdafiəçi bu görüşlərdə 12 qol və 10 məhsuldar ötürmə ilə də yadda qalıb.

Uruqvaylı futbolçu “Atletiko” ilə iki dəfə İspaniya La Liqasının qalibi olub. O, bu komandanın heyətində Avropa Liqasını, UEFA Super Kubkunu və İspaniya Kubokunu da qazanıb.

Ximenes 2013-cü ildən Uruqvay millisinin də şərəfini qoruyur. O, ölkəsinin bir nömrəli komandasında 81 oyun keçirib, 8 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: