Xosep Qvardiola fəxri doktorluq dərəcəsi aldı

“Mançester Siti”nin baş məşqçisi, 54 yaşlı ispan mütəxəssis Xosep Qvardiola Mançester Universitetinin fəxri doktorluq dərəcəsini alıb.

Arena.az bu barədə Mançester Universitetinin rəsmi saytına istinadən məlumat verir.

“Pep” müvafiq ada “Guardiola Sala” fondunun fəaliyyəti də daxil olmaqla, futboldankənar fəaliyyəti və Mançester şəhərinin inkişafına verdiyi töhfə müqabilində layiq görülüb.

Müvafiq mükafat Qvardiolaya təqdim edilərkən, ispan mütəxəssisin yerli icmaya təsiri vurğulanıb. “Pep” etiraf edib ki, Mançesterdə yaşadığı, “şəhərlilər”in sükanı arxasında olduğu doqquz illik müddətdə, şəhər onun üçün doğma evə çevrilib. İspan mütəxəssis Mançester Universitetinə və “Mançester Siti” klubuna minnətdarlığını bildirib. Qvardiolanın sözlərinə görə, belə hörmətli müəssissə adından tanınaraq təltif edilməsi – böyük şərəfdir.

Xatırladaq ki, Mançester Universiteti Böyük Britaniyanın aparıcı ali təhsil ocaqlarından biridir. Universitet 1824-cü ildə təsis edilib.
Xosep Qvardiola “Mançester Siti”ni 2016-cı ilin iyul ayından çalışdırır. İspan mütəxəssisin “Mançester Siti” ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Şəhərlilər” bu müddətdə “Pep”in rəhbərliyi altında 529 oyun keçiriblər, 380 qələbə qazanıblar, 67 heç-heçə ediblər, 82 məğlubiyyətə üzülüblər. Top fərqi isə 1317:497 nisbətindədir.

Bu müddətdə “Pep” “Mançester Siti”nin futbol tarixinin ən şanlı salnaməsini yaradıb. Qvardiola “şəhərlilər”ə 6 dəfə İngiltərə Premyer Liqasını, 2 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 3 dəfə İngiltərə Super Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazandırıb.

Xatırladaq ki, Xosep Qvardiola “Mançester Siti”dən öncə “Barselona” və “Bayern”i də uğurla çalışdırıb, bu komandaların hər birinə çoxlu qənimətlər qazandırıb.

“Pep” 3 dəfə dünyanın ən yaxşı məşqçisi adına layiq görülüb – “Barselona”nın (2008, 2010) və “Mançester Siti”nin (2022/2023) sükanları arxasında ikən.

Xəbəri sosial şəbəkələrdə paylaş: