Xuan Kuadrado “Atalanta”nı “Piza”ya dəyişdi

Futbol üzrə Kolumbiya milli komandasının keçmiş cinah oyunçusu, 37 yaşlı yarımmüdafiəçi Xuan Kuadrado İtaliyada klubunu dəyişib.

Arena.az xəbər verir ki, 37 yaşlı vinger “Atalanta”dan ayrılaraq A Seriyasının digər təmsilçisi “Piza”ya keçib.

Bu barədə “Piza”nın mətbuat xidməti məlumat yayıb. Komanda 2025/2026 mövsümündə A Seriyasında mübarizə aparmaq hüququ qazanıb. Kuadrado ilə də bir mövsümlük müqavilə imzalandığı diqqətə çatdırılıb.

Xatırladaq ki, Xuan Kuadrado 2024-cü ilin yayında Milan “İnter”indən azad agent kimi ayrılaraq “Atalanta”ya keçmişdi. O, Berqamo təmsilçisinin heyətində 32 oyuna çıxıb, 4 məhsuldar ötürmə müəllifi olub.

Xuan Kuadrado daha öncə İtaliyada uzun illər “İnter” və “Yuventus”da çıxış edib. Kolumbiyalı “qoca sinyora” ilə 10 kubok qazanıb: 5 Skudetto, 3 İtaliya Kuboku və 2 İtaliya Super Kuboku. Kuadradonun “Yuventus” karyerasının ümumi mənzərəsi isə belədir: 314 oyun, 26 qol, 65 məhsuldar ötürmə.

Kuadrado karyerası ərzində “Çelsi”, “Fiorentina”, “Leççe”, “Udineze” və “İndependyente” (Medelin) kimi klublarda da forma geyinib.

Təcrübəli yarımmüdafiəçi Kolumbiya yığmasında 116 oyuna 11 qol vurub, 20 məhsuldar ötürmə verib.

Xəbəri sosial şəbəkələrdə paylaş: