35 yaşlı kolumbiyalı cinah yarımmüdafiəçisi Xuan Kuadrado İtaliyanın “Yuventus” klubundan azad agent qismində ayrılacaq.
Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən xəbər verir.
Məlumatda bir sıra klubların Kuadradonun transferində maraqlı olduğu bildirilir. Kolumbiyalı yarımmüdafiəçinin “Qoca sinyora” ilə müqaviləsi iyunun 30-da başa çatacaq.
Kuadrado 2015/2016 və 2016/2017 mövsümlərində “Çelsi” klubundan icarə əsasında “Yuventus”da çıxış edib. 2017-ci ilin yayında Kuadrado “Qoca sinyora” ilə tamhüquqlu müqavilə imzalayıb.
Təcrübəli futbolçu “Yuventus”la birlikdə 5 dəfə İtaliya çempionu, 2016/2017 mövsümündə UEFA Çempionlar Liqasının finalçısı olub. Ümumilikdə Kuadrado “Yuventus”da 314 oyun keçirib, 26 qol vurub, 65 məhsuldar ötürmə verib.
Braziliyalı müdafiəçi Aleks Sandronun da “Yuventus”dan ayrıla biləcəyi haqda məlumatlar yayılıb.


