Xviça Kvaratsxeliya üçüncü dəfə ən yaxşı seçildi, ilkə imza atdı

“Napoli”nin Gürcüstandan olan hücumçusu Xviça Kvaratsxeliya İtaliya A Seriyasında mart ayının ən yaxşı futbolçusu seçilib. Arena.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

22 yaşlı vinger mart ayında meydana çıxdığı 3 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub. O, ayın ən yaxşı oyunçusu adı uğrunda mübarizədə komanda yoldaşı Kim Min Jeni, “Yuventus”dan Adrian Rabyönü, “Sassuolo”dan Armana Loryenteni, “Udineze”dən Destini Udoqieni geridə qoyub.

Xatırladaq ki, Xviça Kvaratsxeliya bu mövsüm üçüncü dəfədir A Seriyasında ayın ən yaxşı futbolçusu seçilir. O, 2022-ci ilin avqust və 2023-cü ilin fevral aylarının da ən yaxşısı elan edilmişdi. Noyabrda Kim Min Jae (“Napoli”), oktyabrda Rafael Leao (“Milan”), noyabrda Moyze Kin (“Yuventus”), bu ilin yanvarında isə Viktor Osimhen (“Napoli”) ən yaxşı seçilmişdi.

Kvaratsxeliya bu uğuru ilə A Seriyasında bir ilkə də imza atıb. Belə ki, o, İtaliya çempionatında bir mövsüm ərzində üç dəfə ayın ən yaxşısı seçilən ilk futbolçu kimi tarixə düşüb.

Gürcüstan yığmasının üzvü bu mövsümün əvvəlindən “Napoli”də forma geyinir. Azərbaycan millisinin sabiq hücumçusu Badri Kvaratsxeliyanın oğlu olan Xviça İtaliya klubunun heyətində meydana çıxdığı 30 oyuna 14 qol vurub, 16 məhsuldar ötürmə müəllifi olub.

İtaliya A Seriyasında fevral ayının ən yaxşı məşqçisi isə “Latsio”nu çalışdıran Mauritsio Sarri olub. Onun komandası ötən ay keçirdiyi üç oyundan ikisində qalib gəlib ki, bunlardan biri lider “Napoli” ilə səfər oyununa (1:0), digəri isə “Roma” ilə paytaxt derbisinə (1:0) təsadüf edib. “Bolonya” ilə səfər oyunu da heç-heçə bitib – 0:0.

Əvvəlki aylarda İtaliya A Seriyasında ən yaxşı seçilən baş məşqçilər bunlar olublar:

Avqust 2022 – Joze Mourinyo (“Roma”)
Sentyabr 2022 – Andrea Sottil (“Udineze”)
Oktyabr 2022 – Luçano Spalletti (“Napoli”)
Noyabr 2022 – Massimiliano Alleqri (“Yuventus”)
Yanvar 2023 – Luçano Spalletti (“Napoli”)
Fevral 2023 – Tyaqo Motta (“Bolonya”)