Yakob Neestrup “Qarabağ”ı təriflədi, uğur arzuladı

“Kopenhagen”in baş məşqçisi Yakob Neestrup UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və Danimarka çempionları bu gün Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gəliblər.

Oyun Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yakob Neestrup matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Qarabağ”ın güclü olduğunu bilirdik. Bizi çox çətin oyun gözlədiyinin fərqində idik. Bunun da şahidi olduq. Bərabər səviyyəli oyun getdi. “Qarabağ” çox yüksək keyfiyyət nümayiş etdirdi. Birinci hissədə onlar mükəmməl çıxış etdilər. Biz isə oyuna zəif başladıq. Ona görə də birinci hissədə qol buraxdıq. Fasilədən sonra dəyişiklik oldu, aktivlik göstərdik. Təəssüf ki, 2-3 qol şansını dəyərləndirə bilmədik. İkinci hissədə rəqibdən bir az yaxşı idik. Heç-heçəyə nail ola bilərdik, amma “Qarabağ” da qələbəyə layiq idi”.

Yakob Neestrup stadiondakı atmosferdən və “Qarabağ”ın növbəti oyunlardakı şanslarından da söz açıb:

“Bütün rəqiblərə həmişə hörmət edirik. “Qarabağ”ın da Avropa təcrübəsi var. Mükəmməl, yüksək texnikaya malik oyunçuları var. Qurban Qurbanov da mükəmməl məşqçidir. Neçə illərdir ki, komandanın sükanı arxasındadır. Buna hörmətlə yanaşıram. Bundan sonrakı matçlarda da “Qarabağ”a uğurlar arzulayıram.

“Qarabağ” yeni sürprizlərə imza ata bilər. İnkişaf vacibdir. Liqa mərhələsində çox oyunlar var. Hər kəs inanmalıdır. “Qarabağ” da bunu edə bilər. Biz bu oyunda uduzsaq da, bu, hər şeyin sonu demək deyil. Bundan sonrakı oyunlarda hər bir sürprizə hazır olmaq lazımdır.

Bu oyundakı məğlubiyyətimizin atmosferlə əlaqəsi yoxdur. Əvvəlki matçlarda da bu cür atmosferlər görmüşük. Təbii ki, enerjini hiss etdim. Başa düşdük ki, azarkeşlər “Qarabağ”la fəxr edirlər”.

Xəbəri sosial şəbəkələrdə paylaş: