Yamalın atasını bıçaqlamaqda şübhəli bilinən 3 nəfər həbsə alındı

“Barselona”nın ispaniyalı vingeri Lamin Yamalın atası Munir Nəsrauiyə hücumda və qətlə cəhddə şübhəli bilinən üç nəfər həbs edilib.

Arena.az bu barədə “The Athletic” dərgisinə istinadən məlumat verir.

Xatırladaq ki, Nəsraui bıçaq yarası nəticəsində xəstəxanaya yerləşdirilmişdi. Hadisənin baş verdiyi şərait dəqiq açıqlanmır, amma İspaniyanın bəzi mətbuat orqanları Barselonanın şəhərətrafı qəsəbəsi Mataroda dayanacaqda hansısa münaqişə yaşandığını bildiriblər.

Bu arada zərərçəkmiş öz səhhəti ilə bağlı məlumat verib:

“Tanrıya şükürlər olsun ki, məni xəstəxanaya çatdırdılar. Özümü isə bir az daha yaxşı hiss edirəm. Hər kəsin xeyrinə, mənim və ailəmin xeyrinə daha sakit olmalıyıq. Daha sakit olmalıyam, çünki başqa çarəm yoxdur. İnanıram ki, ədalət öz işini görəcək. Bu, ən vacib məqamdır.

Təbii ki, qorxdum, özümü ölümlə həyat arasında gördüm, hər bir insan kimi qorxdum. Mən xəstəxanadan evə nə vaxt buraxılacağam? Bilmirəm. Ümidvaram ki, mümkün qədər tez, sonra yenidən söhbətləşməkdən məmnun olacağam”, – “Marca” nəşri Nəsrauinin sözlərini sitat gətirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: