İngiltərənin “Mançester Siti” klubunun dayaq yarımmüdafiəçisi Yanxel Errera Premyer Liqa nəhəngindən ayrılıb.
Arena.az xəbər verir ki, o, “şəhərlilər”lə müqaviləsinə xitam verərək İspaniyanın “Jirona” klubuna keçib.
La Liqa təmsilçisi Venesuela yığmasının üzvünü ötən ilin avqustunda icarəyə götürmüşdü. Bu il icarə müddəti bitən futbolçu İspaniya klubunu tərk etmişdi. Amma o, Mançester təmsilçisindən ayrılaraq yenidən “Jirona”ya qayıdıb. 25 yaşlı futbolçu İspaniya klubu ilə 4 illik müqaviləyə imza atıb. Yarımmüdafiəçi ötən mövsüm bu komandada 20 oyuna 2 qol və 2 assistlə yadda qalıb.
Yanxel Errera 2017-ci ildə “Atletiko Venesuela” klubundan “Mançester Siti”yə transfer olunsa da, Premyer Liqa nəhəngində möhkəmlənə bilməyib. Bu üzdən də 24 yaşlı futbolçu elə həmin dövrdən “Nyu York Siti”, “Hueska”, “Qranada” və “Espanyol” klublarına da icarəyə verilib. Yarımmüdafiəçi Venesuela yığmasında keçirdiyi 27 oyunda 2 qola imza atıb.
“Jirona” Fransanın “Trua” klubundan Savio Moreyra de Oliveyranı da heyətinə qatıb. Braziliyadan olan 19 yaşlı sağ cinah vingeri qarşıdakı mövsümün sonuna kimi La Liqa təmsilçisində icarədə olacaq.

Peşəkar karyerasına “Atletiko Mineyro”da başlamış Savio 2022-ci ildən “Trua”dadır. O, ötən mövsümü PSV-də icarədə keçirib.
“Jirona” 32 yaşlı hücumameyilli yarımmüdafiəçisi Borxa Qarsiya ilə də yeni müqavilə bağlayıb. İspan futbolçu yeni sözləşməyə əsasən daha bir mövsüm La Liqa klubunda qalacaq. O, 2015-ci ildən formasını geyindiyi bu komandada indiyə qədər 233 oyuna çıxıb, 21 qol vurub, 30 assit edib. O, “Kordoba”, “Rayo Valyekano” və “Hueska” kimi klublarda da forma geyinib.

“Jirona” 21 yaşlı sol cinah vingeri Arnau Ortisi “Eldense”yə, 22 yaşlı dayaq yarımmüdafiəçisi Aleks Salanı isə “Kordoba”ya icarəyə verdiyini də açıqlayıb. Onlar qarşıdakı mövsümün sonuna kimi icarədə olacaqlar.
MS onu satdı
Yeri gəlmişkən, Yanxel Erreranı “Jirona”ya göndərən “Mançester Siti” gənc yarımmüdafiəçisi Şi Çarlzı da “Sauthempton”a satıb. 19 yaşlı futbolçu Çempionşip təmsilçisi ilə 4 illik müqavilə imzalayıb. “Şəhərlilər” bu transferdən 12,25 milyon funt-sterlinq əldə edib.
Xatırladaq ki, Şi Çarlz ötən mövsüm “Mançester Siti” ilə cəmi 1 oyuna çıxıb. “Şəhərlilər”in öz yetirməsi olan ingilis futbolçu 7 yaşında bu klubun akademiyasına qoşulub.



