Yaqoba Arrasate Visente Moreno ilə əvəzləndi

İspaniyanın “Osasuna” klubu əsas komandanın baş məşqçisi Yaqoba Arrasate ilə yollarını ayırıb və onu Visente Moreno ilə əvəz edib.

Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Yaqoba Arrasatenin “Osasuna” ilə müqaviləsinin müddəti bu mövsümün sonuna – iyunun 30-na kimi idi. Tərəflər müqavilənin müddətini artırmaq istəməyiblər.

Arrasate 2018-ci ilin iyul ayından “Osasuna”ya rəhbərlik edirdi. O, indiyə qədər bu komandanı 257 oyuna çıxarıb. Komanda bu görüşlərdə 104 qələbə qazanıb, 63 heç-heçə edib və 90 məğlubiyyətə üzülüb.

Osasuna 2023/2024 mövsümündə La Liqa çərçivəsində keçirdiyi 38 oyunda 12 qələbə qazanıb, 9 heç-heçə edib və 17 məğlubiyyətə üzülüb. Sözügedən kollektiv 45 xalla mövsümü 20 iştirakçı arasında 11-ci pillədə başa vurub.

Yaqoba Arrasate daha öncə “Numansiya” və “Real Sosyedad”a da rəhbərlik edib.

“Osasuna” yeni baş məşqçisini də müəyyənləşdirib. Komandaya bundan sonra Visente Moreno rəhbərlik edəcək. İspaniyadan olan 49 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Morenonun son klubu “Almeriya” olub. O, ötən ilin iyul ayından çalışdırmağa başladığı bu komandadan sentyabr ayında istefaya göndərilib. Buna “Almeriya”nın məğlubiyyətləri sıralaması səbəb olub. Belə ki, Morenonun rəhbərliyi altında 7 oyuna çıxmış komanda 2 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb və qələbəyə həsrət qalıb.

İspan məşqçi daha öncə “Əl-Şabab”, “Espanyol”, “Malyorka”, “Ximnastik”, “Xeres” kimi komandalara da rəhbərlik edib.