Yassin Bono “Sevilya”nı “Əl-Hilal”a dəyişdi

“Sevilya”nın və Mərakeş yığmasının qapıçısı Yassin Bono bundan sonra Səudiyyə Ərəbistanı “Əl-Hilal”ın şərəfini qoruyacaq.

Arena.az bu barədə “Əl-Hilal”ın mətbuat xidmətinə istinadən məlumat verir.

“Əl-Hilal” 32 yaşlı Bononun transferi müqabilində “Sevilya”ya bonuslar da daxil olmaqla 21 milyon avro ödəyəcək. Tərəflər 3 illik – müddəti 2026-cı il iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalayıblar.

Mərakeşli qapıçının Avropa karyerası Madrid “Atletiko”su ilə başlayır. Bono 2012-2016-cı illərdə “döşəkçilər”in heyətində çıxış etsə də, əsasən “B” komandasında forma geyinib, əsas heyətdə möhkəmlənə bilməyib. Amma Bono “Atletiko” ilə İspaniya La Liqasını qazana bilib. Sonra qapıçı əvvəlcə “Saraqosa”ya icarəyə göndərilib, daha sonra isə “Jirona”ya transfer edilib, oradan da “Sevilya”ya keçib.

Bononun karyerasında “Sevilya” xüsusi rol oynayıb, o, məhz burada bir qapıçı kimi püxtələşib. Təcrübəli qapıçı geridə qalmış 2022/2023 mövsümündə “Sevilya”nın heyətində 36 oyuna çıxıb, 60 qol “yeyib”, 7 oyundan “quru” qurtulub. Bononun “Sevilya”nın heyətində ümumi statistikası isə belədir: 142 oyun, 141 buraxılmış qol, 58 “quru” oyun. Üstəlik, Bono “Sevilya”nın heyətində 1 qol vurmağı da bacarıb. Bono “Sevilya” ilə 2 dəfə Avropa Liqasını qazanıb, 2 dəfə isə UEFA Super Kubokunun finalçısı olub.

Bono 2013-cü ildə debüt etdiyi Mərakeş yığmasının heyətində 54 oyun keçirib, 28 qol buraxıb, 33 oyunda qapısının toxunulmazlığını təmin edib. Bono 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatında Mərakeş yığmasının fəxri dördüncülüyü əldə etməsində müstəsna xidmətlər göstərib. O, mundialın yekunlarına görə DÇ-2022-nin ən yaxşı qapıçılarının üçlüyündə yer alıb.

Yeri gəlmişkən, “Sevilya”nın gənc hücumçusu İvan Romero da “Levante”yə keçib. 22 yaşlı ispan forvard yeni klubuna azad agent kimi keçib və 3+1 illik müqaviləyə imza atıb. O, yetirməsi olduğu “Sevilya”nın əsas komandasında cəmi 11 matça çıxıb, ötən mövsümü isə “Tenerife”də icarədə keçirib.

“Sevilya” sol cinah müdafiəçisi Lüdviq Auqustinssonu da “Anderlext”ə icarəyə verib. İsveç millisinin də üzvü olan 29 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna kimi Belçikada oynayacaq. O, 2021-ci ildən “Sevilya”da olsa da, əsas heyət üzvünə çevrilə bilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: