Yaylagül Ramazanova Parisdə 1/16 finala vəsiqə qazandı

Azərbaycan təmsilçisi Yaylagül Ramazanova Fransada keçirilən Yay Olimpiya Oyunlarında (Paris-2024) növbəti sınağına çıxıb.

Arena.az xəbər verir ki, kamandan oxatma növündə gücünü sınayan idmançımız Olimpiadada ikinci görüşünü keçirib.

Bu gün qadınların fərdi mübarizəsində 1/32 final mərhələsinin görüşləri baş tutub. Ramazanova da 1/16 finala vəsiqə üçün mübarizə aparıb. O, Çin təmsilçisi Qixuan Anla görüşüb. Qarşılaşma 5:5 hesabı ilə yekunlaşdığından əlavə atışa ehtiyac yaranıb. Bu dəfə daha dəqiq olan Ramazanova növbəti mərhələyə yüksəlib.

Yaylagül 1/16 finalda Mişel Kroppen (Almaniya) ilə qarşılaşacaq.

Qadınların kamandan oxatma yarışında mükafatçılar avqustun 3-də bəlli olacaq.

Onu da qeyd edək ki, Yaylagül Ramazanova Olimpiadalar tarixinə ikinci Azərbaycan oxatanı kimi düşüb. Rio-2016-da Olqa Senyuk sıralama turunda 623 xalla 37-ci yeri tutmuşdu. O, 1/32 finalda çinli Çao Huiyə 1:7 hesabı ilə uduzmuşdu.

Ramazanova isə sıralama turunda 647 xalla 39-cu yeri tutmuşdu.

Azərbaycan millisi Fransada bütövlükdə 48 idmançı ilə təmsil olunur. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.

Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Kamandan oxatma
Qadınlar, 1/32 final
30 iyul

Yaylagül Ramazanova – Qixuan An (Çin) 6:5 (22:27, 27:25, 26:27, 28:27, 26:26, 10:9)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: