Futbol üzrə Rumıniya milli komandasının qapıçısı Yonut Radu İtaliyanın “İnter” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 25 yaşlı qolkiper icarə əsasında Fransanın “Oser” klubuna keçib.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Rumın futbolçunun bu mövsümün sonuna kimi (30 iyun, 2023) icarədə oynayacağı açıqlanıb.
Yonut Radu 2013-cü ildən “İnter”in sıralarındadır. Lakin o, Milan təmsilçisində heç vaxt əsas heyət üzvü ola bilməyib. Klubun əsas komandasında cəmi 5 oyun keçirmiş qolkiper, daha çox digər klublarda icarədə olub. Belə ki, o, daha öncə “Avellino”, “Cenoa”, “Parma” və “Kremoneze”də də icarə əsasında forma geyinib.
Rumıniyanın U-21 yığmasında 17 oyun keçirmiş Radu, əsas millidə cəmi 2 matça çıxıb.


