Yüksək Liqa: “Azərreyl” finalda, “Abşeron” şansını saxladı

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) yarımfinal mərhələsinin ikinci oyunları keçirilib. Arena.az xəbər verir ki, hər iki qarşılaşma Azərbaycan Voleybol Mərkəzində təşkil olunub.

Günün ilk matçında “Murov” və “Abşeron” komandaları üz-üzə gəliblər. Görüşə daha yaxşı başlayan “Abşeron” birinci setdə 25:19 hesabı ilə qalib gəlib. Cütün ilk görüşündə qələbə qazanmış “Murov” ikinci hissəni öz aktivinə yazdırmaqla ümumi hesabı bərabərləşdirib (25:22). Lakin yenidən təşəbbüsü ələ alan “Abşeron” növbəti setlərdə 29:27 və 27:25 hesabları ilə qələbə qazanıb. İlk qarşılaşmada 1:3 hesabı ilə uduzan “Abşeron” cavab oyununda rəqibini eyni hesabla məğlub edib. Beləliklə, bu komandaların mübarizəsində qalibin adına üçüncü oyunda aydınlıq gələcək. Aprelin 7-də keçiriləcək həmin matçda qələbə qazanacaq tərəf finala yüksələcək.

Yarımfinalın digər matçı UNEC-lə “Azərreyl” arasında baş tutub. Cütün ilk oyununda 3:0 hesabı ilə qalib gəlmiş “Azərreyl” bu dəfə də quru hesabla (25:13, 25:13 və 25:06) sevinən tərəf olub. Beləliklə, hər iki qarşılaşmada qalib gələn “Azərreyl” finala ilk vəsiqəni qazanıb. UNEC isə bürünc medal uğrunda yarışacaq.

Yüksək Liqa
Yarımfinalın ikinci oyunları
5 aprel

“Murov” – “Abşeron” 1:3 (19:25, 25:22, 27:29, 25:27)
UNEC – “Azərreyl” 0:3 (13:25, 13:25, 06:25)

Xatırladaq ki, yarımfinalın ilk oyunlarında aşağıdakı nəticələr qeydə alınmışdı:

“Abşeron” – “Murov” 1:3 (27:29, 25:18, 19:25, 18:25)
“Azərreyl” – UNEC 3:0 (25:07, 25:14, 25:17)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: