Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) yarımfinal mərhələsinə start verilib. Arena.az xəbər verir ki, yarımfinalın ilk oyunları Voleybol Mərkəzində təşkil olunub.
Yarımfinalın ilk oyunları çərçivəsində “Abşeron” komandası “Murov”la, “Azərreyl” isə UNEC-lə qarşılaşıb.
Günə “Abşeron” – “Murov” matçı ilə start verilib. Görüş “Murov”un 29:27 hesablı qələbəsi ilə başlayıb. İkinci setdə 25:18 hesabı ilə “Abşeron” qalib gəlsə də, Vüqar Əliyevin komandası növbəti hissələri 25:19 və 25:18 hesabları ilə öz xeyrinə başa vuraraq matçın qalibi olub – 3:1. Beləliklə, “Murov” yarımfinalın ilk oyununda qələbə qazanıb.
Günün digər matçında “Azərreyl”lə UNEC üz-üzə gəlib. Bu oyun əsas mərhələni lider kimi başa vuran “Azərreyl”in üstünlüyü ilə keçib. Setlərdə 25:7, 25:14 və 25:17 hesabları ilə qalib gələn Eldar Yusubovun yetirmələri quru hesablı qələbəni rəsmiləşdiriblər.
Xatırladaq ki, yarımfinal mərhələsi iki qələbəyə kimi, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.
Yüksək Liqa (qadınlar)
Yarımfinalın birinci oyunları
29 mart
“Abşeron” – “Murov” 1:3 (27:29, 25:18, 19:25, 18:25)
“Azərreyl” – UNEC 3:0 (25:7, 25:14, 25:17)


