Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) yarımfinal mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu qarşılaşma “Abşeron” və “Murov” komandaları arasında baş tutub.
Yarımfinalın sonuncu matçı Azərbaycan Voleybol Mərkəzində təşkil olunub. “Abşeron” və “Murov” komandalarının ilk iki yarımfinal oyununda tərəflər hərəyə bir qələbə qazanmışdılar. Bu üzdən əlavə oyuna ehtiyac yaranmışdı. Həlledici olan bu qarşılaşmaya “Abşeron” daha yaxşı başlayıb. Sözügedən komanda ilk setdə çətinlik çəkmədən qalib gəlib – 25:16. Bu üstünlüyünü sonadək qoruyan “Abşeron” komandası “Murov”un ciddi müqavimətinə baxmayaraq, növbəti hissələri 25:21 və 25:21 hesabları ilə öz xeyrinə yekunlaşdırıb. Nəticədə bu komanda meydandan 3:0 hesablı qələbə ilə ayrılıb.
Beləliklə, rəqibi üzərində iki qələbə qazanan “Abşeron” finala vəsiqə əldə edib. Komanda çempionluq yolunda “Azərreyl”ə rəqib olub. “Murov” isə bürünc medal uğrunda UNEC-ə qarşı yarışacaq.
Xatırladaq ki, ölkə birinciliyinin reqlamentinə əsasən, final və üçüncülük oyunları 3 qələbəyədək davam edəcək. Bu mərhələnin qarşılaşmalarının keçiriləcəyi tarixlə bağlı əlavə məlumat veriləcək.
Yüksək Liqa (qadınlar)
Yarımfinalın üçüncü oyunu
7 aprel
“Abşeron” – “Murov” 3:0 (25:16, 25:21, 25:21)
Xatırladaq ki, bu komandaların ilk iki oyununda aşağıdakı nəticələr qeydə alınmışdı:
“Abşeron” – “Murov” 1:3 (27:29, 25:18, 19:25, 18:25)
“Murov” – “Abşeron” 1:3 (19:25, 25:22, 27:29, 25:27)


