Yunes Belhanda “Qalatasaray”dan qovuldu

Türkiyənin “Qalatasaray” klubu yarımmüdafiəçisi Yunes Belhanda ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

32 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə birtərəfli qaydada xitam verilib. Mərakeşli oyunçunun klubla sözləşməsinin müddəti yayda başa çatacaqdı.

Belhandanın “Qalatasaray”dan qovulmasına onun bir neçə gün öncə klub rəhbərliyini tənqid edən açıqlamalar verməsi səbəb olub. “Sarı-qırmızılar” futbolçunun klubun imicinə zərər vurduğunu əsas gətiriblər, həmçinin onun daha öncə də müqaviləyə və intizam qaydalarına zidd davranışlarıyla diqqət mərkəzinə düşdüyünü vurğulayıblar.

Xatırladaq ki, Belhanda Türkiyə Super Liqasının 29-cu turu çərçivəsində baş tutan “Qalatasaray” – “Sivasspor” oyunundan (2:2) sonra yerli mətbuata açıqlamasında “Türk Telekom Arena”nın ot örtüyündən şikayətlənmişdi. O, “BeinSport” telekanalına müsahibəsində bunları söyləmişdi: “İlk hissədə yaxşı oynadığımızı düşünürəm. Bu cür meydanda geridönüş etmək çox çətindir. Biz daha çox ötürmələrlə oynayırıq. Buradakı ot örtüyünə bir çarə tapmaq lazımdır. Bu şəkildə istədiyimiz oyunu sərgiləyə bilmirik. Vəziyyəti görürsünüz, daha yaxşı olmasına ehtiyac var. “Qalatasaray” rəhbərliyi bu işə bir çarə tapmalıdır. Floryadakı məşq meydançalarımız belə buradan yaxşıdır. “Twitter”də, “İnstagram”da özlərinə, mediaya baxınca, gəlib stadionla maraqlansınlar. Bu meydanda biz oynayırıq. Bizə yaxşı şərtlər təqdim etmələri lazımdır”.

Yunes Belhanda 2017-ci ildən “Qalatasaray”da çıxış edirdi. Hücumameylli yarımmüdafiəçi “Qalatasaray”da 130 oyuna çıxıb, 22 qola imza atıb. O, İstanbul klubu ilə iki dəfə Türkiyə çempionu olub.