Budapeştdə keçirilən yüngül atletika üzrə dünya çempionatında qadınlar arasında 400 metr məsafəyə maneələrlə qaçış yarışları başa çatıb.
Arena.az xəbər verir ki, holland atlet Femke Bol 51,70 saniyə vaxt göstəricisi ilə karyerasında ilk dəfə qızıl medal qazanıb.
Xatırladaq ki, Bol ötən il də bu növ üzrə dünya çempionatının mükafatçıları sırasında yer almışdı – gümüş medal qazanmışdı. Həmçinin Bol bu növdə 2020-ci il Olimpiya Oyunlarında bürünc medalı qazanıb.
Bu növdə gümüş medalı 52,80 saniyə vaxt göstəricisi ilə amerikan atlet Şamier Littl, bürünc medalı isə 52,81 saniyə vaxt göstəricisi ilə yamaykalı atlet Raşell Kleyton qazanıb.
2023 Dünya çempionatı. 400 metr məsafəyə maneələrlə qaçış. Qadınlar:
- Femke Bol (Niderland) – 51,70 saniyə;
- Şamier Little (ABŞ) – 52,80 saniyə;
- Raşell Kleyton (Yamayka) – 52,81 saniyə.
Avqustun 19-da başlamış yüngül atletika üzrə dünya çempionatına ayın 27-də yekun vurulacaq.


