Futbol üzrə Türkiyə milli komandasının və “Qalatasaray”ın yarımmüdafiəçisi Yunus Akgün icarə əsasında “Lester Siti”yə keçib.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar mətbuat xidmətləri vasitəsilə məlumat yayıblar.
Tərəflər arasında müqavilə 2023/24 mövsümünün sonuna kimi hesablanıb. Amma sözləşmədə satınalma ilə də bağlı şərt var. İngiltərə klubu gələn yay 7 milyon avro ödəməklə yarımmüdafiəçini birdəfəlik heyətinə qatmalıdır.
23 yaşlı futbolçu “Qalatasaray”ın yetirməsidir. O, bu komandanın heyətində 61 oyuna çıxıb, 6 qol vurub və 8 məhsuldar ötürmə edib.
Yunus Akgün daha öncə iki mövsüm “Adana Dəmirspor”da da icarədə olub. O, Türkiyə millisində 5 oyuna çıxıb, 1 qola imza atıb.
“Qalatasaray”ın müdafiəçisi Alpaslan Öztürk isə Super Liqanın yeni iştirakçısı “Pendikspor”a keçib. 30 yaşlı futbolçu İstanbul təmsilçisindən azad agent kimi ayrılıb və yeni klubu ilə 1 illik müqaviləyə imza atıb. O, 2021-ci ildən formasını geyindiyi “Qalatasaray”da cəmi 16 matça çıxıb, 1 qol vurub. Alparslan karyerası ərzində “Berşot”, “Standard” (Lyej), “Kasımpaşa”, “Əskişəhərspor”, “Elazığspor”, “Göztəpə”, “Eyüpspor” kimi klublarda da oynayıb, Türkiyə millisində 1 oyun keçirib.
Yeri gəlmişkən, “Pendikspor” “Eyüpspor”dan hücumçu Emeka Ezeni, “Konyaspor”dan hücumameyilli yarımmüdafiəçisi Endri Çekiçini, “Trabzonspor”dan sağ cinah müdafiəçisi Serkan Asanı, “Alanyaspor”dan mərkəz yarımmüdafiəçisi Arno Lusambanı da heyətinə cəlb edib. Asan və Lusamba bu mövsümün sonuna kimi icarəyə götürülüb. Digər iki futbolçu isə Super Liqa təmsilçisi ilə 2 illik müqavilə bağlayıb.


