Yunus Musa “Milan”da – 20 yaşlı futbolçu üçün 20 milyon!

Futbol üzrə ABŞ yığmasının və İspaniyanın “Valensiya” klubunun mərkəz yarımmüdafiəçisi Yunus Musa “Milan”a keçib.

Arena.az xəbər verir ki, bu barədə İtaliya nəhəngi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Milanlılar bu transfer üçün La Liqa təmsilçisinə 20 milyon avro ödəyiblər. 20 yaşlı futbolçu yeni klubu ilə 5 illik (2028-ci ilin 30 iyununa kimi) müqavilə bağlayıb.

Yunus Musa London “Arsenal”ının yetirməsidir. O, “Valensiya”ya 2019-cu ildə azad agent kimi keçmişdi. Yarımmüdafiəçi La Liqa təmsilçisində 108 oyun keçirib, 5 qol və 3 assistlə yadda qalıb. O, ABŞ milli komandasında da 24 oyun keçirib.

“Valensiya” daha bir mərkəz yarımmüdafiəçisini – Koba Koindredini də Portuqaliyanın “Eştoril” klubuna icarəyə verib. 21 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna – 2024-cü ilin 30 iyununa kimi icarədə olacaq.

Fransanın “Lans” klubunun yetirməsi olan Koba Koindredi “Valensiya”ya 2019-cu ilin yanvarında cəlb olunub. Cibutidə dünyaya göz açsa da, Fransanın U-17, U-18 və U-19 yığmalarında oynamış futbolçu “Valensiya”ın əsas komandasında 19 oyuna çıxıb, 2 qol və 1 məhsuldar ötürmə müəllifi olub. O, ötən mövsüm “Real Ovyedo”da da icarədə olub.

“Milan” da qapıçısı Devis Vaskesi İngiltərənin “Şeffild Uensdey” klubuna icarəyə verib. Kolumbiyadan olan 25 yaşlı qolkiper də 2024-cü ilin 30 iyununa kimi icarədə olacaq. Kolumbiyada “Patriotas” və “La Ekidad”da oynamış qapıçı, Paraqvayda da “Quarani”nin uğurları üçün çalışıb. O, “Milan”a bu ilin yanvarında gəlsə də, əsas komandada debüt etməyib.

“Milan” digər qapıçısı Andreas Yunqdalı “Kremoneze”yə satıb. Sinqapur əsilli danimarkalı qolkiper yeni klubu ilə 3+1 illik müqavilə imzalayıb. “Vayle”nin yetirməsi olan 21 yaşlı qapıçı 2019-cu ildən “Milan”da olsa da, əsas komandada debüt şansı qazanmayıb. O, ötən mövsümün ikinci dövrəsini “Altax”da icarədə keçirib. Yunqdal Danimarkanın gənclərdən ibarət yığmasına da dəvət alır.