İtaliyanın “Fiorentina” klubunun yarımmüdafiəçisi Yussef Maleh karyerasını A Seriyasının digər təmsilçisi “Leççe”də davam etdirəcək.
Arena.az xəbər verir ki, 24 yaşlı futbolçunu bu ilin əvvəlində icarəyə götürən “Leççe” onun transfer hüquqlarını da alıb.
A Seriyası təmsilçisi bunun üçün “Fiorentina”ya 5.5 milyon avro təzminat da ödəyib. Mərkəz yarımmüdafiəçisi ilə 2027-ci ilin yayına qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.
Xatırladaq ki, Yussef Maleh “Fiorentina”ya 2021-ci ilin yanvarında “Venesiya”dan transfer olunub. O, Florensiya təmsilçisində 45 oyun keçirib, 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
“Leççe” bu futbolçunu 2023-cü ilin yanvar ayında satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürmüşdü. Yarım mövsümlük icarə üçün də “Fiorentina”ya 500 min avro ödənilmişdi. Yarımmüdafiəçi A Seriyasının autsayderlərindən olan komandada cəmi 16 oyuna çıxıb, məhsuldar göstəriciyə imza atmayıb.
Mərakeş əsilli italiyalı futbolçu daha öncə “Çezena”, “Ravenna” və “Venesiya”da da oynayıb. O, İtaliyanın U-21 yığmasında 5 oyun keçirib, 1 qol vurub.
Yeri gəlmişkən, “Fiorentina” müdafiəçisi Lorentso Venuti ilə də yollarını ayırmağa qərar verib. Müqaviləsinin müddəti bu mövsümün sonuna kimi olan 28 yaşlı italyanla yeni sözləşmə imzalanmayacaq.
Venuti “Fiorentina”nın öz yetirməsidir. O, doğma komandasında 99 oyun keçirib, 3 qol və 5 assistlə yadda qalıb. Müdafiəçi daha çox “Peskara”, “Breşiya”, “Benevento” və “Leççe”də icarədə oynayıb. Lorentso İtaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında da forma geyinib.