“Yuventus” Arkadiuş Milikin transfer hüququnu da aldı

“Yuventus” ötən mövsümün əvvəlində Marsel “Olimpik”indən icarəyə götürdüyü Arkadiuş Milikin transfer hüquqlarını alıb.

Arena.az bu haqda Turin klubunun mətbuat xidmətinə istinadən xəbər verir:

“O, texniki və ağıllı oyunçudur. Onun məhsuldarlığı turnir boyu yalnız doqquz qola görə deyil, həm də çətin şəraitə uyğunlaşmaq bacarığına, həmçinin vacib oyunlara daim hazır olmasına görə yüksək qiymətləndirilib”, – deyə klubun açıqlamasında bildirilir.

Mənbənin məlumatına görə, “qoca sinyora” Miliklə 3 illik müqavilə bağlayıb. Turin klubu bu transfer üçün “Olimpik”ə 6,3 milyon avro ödəyəcək. İtalyanlar Arkadiuş Milikin bir mövsümlük icarəsi üçün də Fransa klubuna 750 min avro ödəmişdilər.

Xatırladaq ki, Arkadiuş Milik 2022/2023 mövsümünü icarə əsasında “Yuventus”da keçirib. Polşalı hücumçu bu komandanın heyətində 39 oyun keçirib, 9 qol vurub, 1 məhsuldar ötürmə edib.

Polşalı forvardın Marsel “Olimpik”indəki karyerası 55 oyun, 33 qol və 3 assistdən ibarətdir. O, “Napoli” (122 oyun, 48 qol, 5 assist), “Ayaks” (76 oyun, 47 qol, 21 assist), “Qurnik” (40 oyun, 12 qol, 4 assist), “Auqsburq” (20 oyun, 2 qol) və “Bayer” (8 oyun, 2 assist) kimi klubların da formasını geyinib. Milik Polşa millisində də 69 matça çıxıb, 17 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: