İtaliyanın “Yuventus” klubu bu gün daha iki futbolçusu ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, daha öncə Paulo Dibala ilə vidalaşan Turin təmsilçisi digər hücumçusu Alvaro Morata və yarımmüdafiəçisi Federiko Bernardeski ilə də yollarını ayırıb. Bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.
Federiko Bernardeski ilə müddəti başa çatan müqavilənin yenilənməsinə ehtiyac duyulmayıb. 28 yaşlı vinger 2017-ci ildə “Fiorentina”dan “Yuventus”a transfer olunmuşdu. O, bu komandanın heyətində beş mövsüm ərzində 183 matça çıxıb, 12 qol vurub. İtaliyalı futbolçu “Fiorentina”da çıxış etdiyi dönəmdə bir mövsüm “Krotone”yə də icarəyə verilib. İtaliya yığmasında 39 oyun keçirmiş yarımmüdafiəçi, 6 qolla yadda qalıb.
Alvaro Morata isə 2020-ci ildə İspaniyanın “Atletiko” (Madrid) klubundan icarəyə götürülmüşdü. Onun da “Yuventus”la icarə müddəti başa çatıb və İspaniya klubuna qayıtmaq məcburiyyətində qalıb. İki illik icarə dövründə Turin təmsilçisində 92 oyuna çıxan ispaniyalı hücumçu, 32 qolla yadda qalıb. O, 2014-2016-cı illər aralığında da “Yuventus”un uğurları üçün çalışıb. Təcrübəli futbolçu həmin dövrdə də 92 matçda 27 qol vurmuşdu. Madrid “Real”ının yetirməsi olan 29 yaşlı hücumçu, “Çelsi”nin də formasını geyinib. İspaniya yığmasında 56 oyun keçirmiş futbolçu, 26 qolla yadda qalıb.


