Zaqreb “Dinamo”su 2:9-u Sergey Yakiroviçə bağışlamadı

Zaqreb “Dinamo”su 47 yaşlı bosniyalı mütəxəssis Sergey Yakiroviçi komandanın baş məşqçisi vəzifəsindən istefaya göndərib.

Arena.az bu barədə Xorvatiya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Yakiroviçin əmək müqaviləsinə tərəflərin qarşılıqlı razılığı ilə xitam verildiyi iddia edilir. 49 yaşlı xorvat mütəxəssis Sandro Perkoviç isə komandaya məşqçi səlahiyyətlərini icracısı olaraq təyin edilib.

Xatırladaq ki, sentyabrın 17-də “Dinamo” UEFA Çempionlar Liqasının əsas mərhələsinin 1-ci turunda səfərdə “Bayern”ə darmadağınla məğlub olmuşdu. Almaniya nəhəngi Yakiroviçin çalışdırdığı “Dinamo”nu 9:2 hesabı ilə “çiləmişdi”. Məhz bu məğlubiyyətin bosniyalı mütəxəssisin işini itirməsində həlledici amil olduğu vurğulanır.

Sergey Yakiroviç Zaqreb “Dinamo”sunu 2023-cü ilin avqustunda qəbul etmişdi. Bosniyalı mütəxəssisin xorvat komandasının sükanı arxasındakı fəaliyyəti 60 oyun, 41 qələbə, 9 heç-heçə və 10 məğlubiyyətdən ibarətdir. “Dinamo”nun top fərqi isə 122:59 nisbətindədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: