Zaretska Rabatda Premyer Liqanın qalibi oldu

Karate üzrə Azərbaycan milli komandasının üzvü İrina Zaretska Mərakeşin paytaxtı Rabatda keçirilən Premyer Liqa turnirinin qalibi olub. Arena.az xəbər verir ki, yığmamız turnirdə yalnız bir idmançı ilə təmsil olunub ki, onun da çıxışı uğurlu alınıb.

Zaretska startda Ermənistan idmançısı Anita Makyanı asanlıqla məğlub edib – 8:1. Ardından o, Van Vizel Robin (Niderland) və Elina Selemenyevaya (Ukrayna) eyni hesabla (3:0) qalib gəlib.

Karateçimizin yarımfinaldakı rəqibi Sadea Beçiroviç olub. Xorvatiyanı təmsil edən bu rəqibinə də 5:0 hesabıyla qalib gələn İrina finala yüksəlib.

Zaretska finalda isveçrəli Yelena Quiriçlə qarşılaşıb. Bu rəqibini də 4:0 hesabı ilə üstələyən idmançımız çempion olub.

Xatırladaq ki, İrina ikiqat dünya çempionu, Avropa çempionu və Olimpiya Oyunlarının gümüş mükafatçısıdır. O, bu il Qahirədə keçirilən Premyer Liqanın ilk mərhələsində də bürünc medal qazanmışdı. Təcrübəli karateçimiz bu il Qvadalaxarada baş tutan Avropa çempionatının da gümüş medalını qazanıb.