Karate üzrə Azərbaycan millisinin lideri İrina Zaretska Yaponiyanın Fukuoka şəhərində keçiriləcək Premyer Liqa turnirində iştirak edəcək.
Arena.az xəbər verir ki, bu barədə Dünya Karate Federasiyasının mətbuat xidməti məlumat yayıb.
İyunun 9-da start götürəcək Premyer Liqa turnirində Azərbaycanı yalnız bir karateçi təmsil edəcək. Fukuoka şəhərindəki turnir üç gün davam edəcək.
Xatırladaq ki, İrina Zaretska 2021-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçirilmiş Yay Olimpiya Oyunlarında gümüş medal əldə edib. 68 kq çəki dərəcəsində dünya və Avropa çempionu olmuş idmançımız ötən ay Mərakeşin paytaxtı Rabatdakı eyni yarışda qızıl medal qazanıb.