Zaretska Yaponiyadan bürünc medalla qayıdır

Karate üzrə Azərbaycan millisinin üzvü İrina Zaretska Yaponiyanın Fukuoka şəhərində keçirilmiş Premyer Liqa turnirində bürünc medal qazanıb.

Arena.az xəbər verir ki, yığmamız turnirdə yalnız bir idmançı ilə təmsil olunub ki, onun da çıxışını uğurlu saymaq olar.

İrina startda Yaponiya idmançısı Yatoji Ayumi ilə üz-üzə gəlib və məğlub – 0:1. Qazaxıstan təmsilçisi Alikul Laura ilə görüş isə İrina üçün uğurlu alınıb – 8:4. İsveçrə təmsilçisi Quirici Elena ilə görüş də Zaretskanın məğlubiyyəti ilə bitib – 2:3. Nəticədə Azərbaycan karateçisi bürünc medal uğrunda Venera Jaksıbayeva ilə qarşılaşmaq məcburiyyətində qalıb. Bu rəqibini 9:0 hesabıyla yenən idmançımız bu dəfə bürünc medalla kifayətlənib.

Xatırladaq ki, İrina Zaretska ikiqat dünya çempionu, Avropa çempionu və Olimpiya Oyunlarının gümüş mükafatçısıdır. O, bu il Qahirədə keçirilən Premyer Liqanın ilk mərhələsində də bürünc medal qazanmışdı. Mərakeşin paytaxtı Rabatdakı eyni yarışda isə o, qızıl medal əldə etmişdi. Təcrübəli karateçimiz bu il Qvadalaxarada baş tutan Avropa çempionatının da gümüş medalını qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: