“Silk Way” Şirkətlər Qrupunun prezidenti Zaur Axundov Azərbaycan Velosiped Federasiyasına (AVF) yeni prezidenti seçilib.
Arena.az xəbər verir ki, bu gün AVF-nin növbədənkənar ümumi yığıncağı keçirilib.
Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutmuş tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Daha sonra AVF-nin baş katibi Elnarə Musayeva ötən dövr ərzində görülən işlərin hesabatını təqdim edib.
Tədbirdə AVF prezidenti Mədət Quliyev çıxış edərək, təşkilata rəhbərlik etdiyi müddətdə bu idman növünün inkişafı üçün əlindən gələni etdiyini bildirərək istefa verib. O, yeni seçiləcək qurum rəhbərliyinə uğurlar arzulayıb.
Daha sonra “Silk Way” Şirkətlər Qrupunun prezidenti Zaur Axundov AVF-nin yeni prezidenti seçilib. Sahib Ələkbərov birinci vitse-prezident, Robert Eyyubov və Fikrət Hüseynov vitse-prezidentlər, Rəşad Gülmaliyev, Emin Mustafayev, Albert Pitersma isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər.
Sonda Zaur Axundov çıxış edərək etimada görə təşəkkür edib. O, bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini söyləyib.