Madrid “Real”ının sabiq baş məşqçisi Zinədin Zidan futbol həsrəti, yaxınlarda məşqçiliyə mümkün qayıdışı haqda sualları cavablayıb.
Arena.az “RMC Sport”a istinadən Fransa yığmasının sabiq yarımmüdafiəçisinin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Futbol? Onun üçün darıxıram, amma fiziki olaraq… Məşqçiliyə gəlincə… Vaxtı gələcək… Nə vaxt olduğunu bilmirəm, amma mütləq gələcək”.
Vurğulayaq ki, bir neçə gün əvvəl Zidan günlərin birində arzusunda olduğu, lakin müqaviləyə əsasən 2026-cı il dünya çempionatına qədər Didye Deşamın rəhbərlik edəcəyi Fransa yığmasının baş məşqçi olmaq xəyalından danışıb.
Xatırladaq ki, Zinədin Zidan 2021-ci ildə “Real”dan ayrıldıqdan sonra işsizdir. 51 yaşlı mütəxəssis məşqçilik karyerası ərzində yalnız “Real”ı çalışdırıb və “Kral klubuna” ardıcıl üç dəfə Çempionlar Liqasını qazandırmaqla (2015/2016, 2016/2017, 2017/2018) tarixi uğura imza atıb. Şayiələrə görə, PSJ 51 yaşlı Zidanı digərlərindən daha israrla komandaya rəhbərlik etməyə dəvət edir, lakin o, indiyədək bütün təklifləri rədd edir.


