Fransada təşkil olunmuş 34-cü beynəlxalq qran-pri bədii gimnastika üzrə Azərbaycanın yığmasının üzvü Zöhrə Ağamirova üçün uğurlu alınıb. Arena.az xəbər verir ki, o, Tiye şəhərində keçirilən beynəlxalq turnirin çoxnövçülük proqramında gümüş medala layiq görülüb.
Bədii gimnastımız gürzlərlə qızıl, halqa və topla hərəkətlərin icrasında isə gümüş medala layiq görülüb.
Beləcə, Zöhrə Ağamirova Tiye şəhərindəki turniri 3 medalla (1 qızıl, 2 gümüş) başa vurub.
Böyüklərdən ibarət qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri – Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina isə 3 lent və 2 topla gümüş medal qazanıblar. Onlar 5 halqa ilə hərəkətlərin icrasında da bürünc medala sahib çıxıblar.
Yeri gəlmişkən, akrobatika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri də Belçikanın Purs şəhərində keçirilən “Flanders Acro Cup” beynəlxalq turnirində uğur qazanıblar. Nəzrin Zeyniyeva, Zəhra Rəşidova, Anahita Bashiridən ibarət qadın qrupumuz qarışıq hərəkətlər proqramında qızıl medala layiq görülüblər.
Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük isə eyni şəhərdə keçirilən dünya kubokunda qarışıq hərəkətlər proqramında gümüş medala layiq görülüblər.


