Səudiyyə Ərəbistanı klubu “Əl-Hilal” “Mançester Siti”nin və Portuqaliya yığmasının yarımmüdafiəçisi Bernardo Silva ilə hələ də maraqlanır.
Arena.az bu barədə “CBS Sports”a istinadən məlumat verir.
Mənbənin məlumatına görə, “Əl-Hilal” 28 yaşlı futbolçu üçün 70 milyon avro ödəməyə hazır olduğunu “Mançester Siti” rəhbərliyinə çatdırıb.
Bernardo Silva 2017-ci ildən “Mançester Siti”də çıxış edir.
Geridə qalmış 2022/2023 mövsümündə portuqal yarımmüdafiəçi “Siti”nin heyətində 55 oyuna çıxıb, 7 qol vurub, 8 məhsuldar ötürmə verib. O, “şəhərlilər”lə “trebl”ə imza atıb: İngiltərə çempionluğunu, İngiltərə Federasiya Kubokunu, UEFA Çempionlar Liqasını qazanıb.
Bernardo Silvanın “şəhərlilər”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı Bernardo Silvanı 80 milyon avro məbləğində qiymətləndirir.
Daha əvvəl Bernardo Silvanın PSJ-yə keçmək arzusu ilə bağlı xəbərlər yayılmışdı.
Xatırladaq ki, bundan əvvəl “Əl-Hilal” PSJ-nin braziliyalı ulduz hücumçusu Neymara 3 ilə 600 milyon avroluq fantastik müqavilə təklifini irəli sürmüşdü. Artıq, “Əl-Hilal” “Çelsi”dən mərkəz müdafiəçisi Kalidu Kulibalini və “Vulverhempton”dan dayaq yarımmüdafiəçisi Ruben Nevesi heyətinə qatıb. Ərəb klubu həmçinin “Latsio”dan serb yarımmüdafiəçi Sergey Milinkoviç-Saviçi hədəfləyib.
“Əl-Hilal” geridə qalmış 2022/2023 mövsümündə Səudiyyə Ərəbistanı peşəkar liqasında 3-cü yeri tutaraq bürünc medalı qazanıb. Klub qarşıdakı mövsümdə çempionluğa iddialıdır.


