Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu Braziliya millisinin və PSJ-nin 31 yaşlı ulduz hücumçusu Neymarı heyətinə qatmaq istəyir.
Arena.az bu barədə “Fanatik”in jurnalisti Yakup Çinara istinadən xəbər verir.
Məlumatda “Əl-Hilal” rəhbərliyinin braziliyalı ulduza 3 illik müqavilə üçün 600 milyon avro ödəməyə hazır olduğu deyilir.
Neymarın PSJ ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.
Daha əvvəl Neymarın “Barselona”ya qayıtmağa hazır olduğu və klubların mümkün transfer barədə razılığa gəldiyi bildirilmişdi. Ancaq diqqət çəkən “əmma”sı odur ki, kataloniyalılar ulduz oyunçunun maaşının bir hissəsinin PSJ tərəfindən ödənilməsini istəyirlər.
2022/2023 mövsümündə Neymar PSJ-nin heyətində 29 oyuna çıxıb, 18 qol vurub, 17 məhsuldar ötürmə verib. O, komandası ilə Fransa çempionluğunu qazanıb.
“Transfermarkt” internet-portalı Neymarı 60 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, “Əl-Hilal” daha əvvəl “Çelsi”dən müdafiəçisi Kalidu Kulibalini və “Vulverhempton”dan Ruben Nevesi heyətinə qatıb.


