Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu PSJ-nin braziliyalı superulduzu, hücumçu Neymarın transferi üçün rəsmi sənədləri hazırlayır.
Arena.az bu barədə jurnalist Fabrisio Romanoya istinadən məlumat verir.
Mənbənin məlumatına görə, nəhayət, bu gün, avqustun 14-də günorta hər şey təfərrüatı ilə yoxlanılacaq. “Əl-Hilal” artıq Neymar üçün tibbi müayinəyə hazırlaşır və futbolçunun nümayəndələrindən razılıq gözləyir.
Daha əvvəl Neymarın “Əl-Hilal” klubu ilə iki illik müqavilə imzaladığı bildirilirdi. Bu müddətdə braziliyalı superulduz ümumilikdə təxminən 160 milyon avro qazanacaq.
Daha bir məlumatda isə Səudiyyə Ərəbistanı klubunun Neymarın transferi müqabilində Fransa nəhənginə 60 milyon avrodan çox ödəniş edəcəyi bildirilmişdi. Neymar və ailəsinin Ərəbistana keçiddə maraqlı olması ilə yanaşı, tərəflərin müvafiq transferin tezliklə rəsmiləşəcəyinə əmin olduğu da vurğulanırdı.
Geridə qalmış 2022/2023 mövsümündə Neymar mütəmadi olaraq zədələrdən əziyyət çəkməsinə rəğmən, PSJ-nin heyətində 29 oyuna çıxıb. O, 18 qol vurub, 17 məhsuldar ötürmə verib və parislilərlə Fransa çempionluğunu qazanıb.
Neymarın PSJ ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Neymar 2010-cu ildə debüt etdiyi Braziliya millisinin heyətində 124 oyuna çıxıb, 77 qol vurub, 56 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 31 yaşlı Neymarı 60 milyon avro məbləğində qiymətləndirir.


